DÜNYA

15 Aprel

G7 qlobal qeyri-sabitliklə mübarizəni vurğulayır

G7 ölkələrinin nəqliyyat nazirlərinin builki iclası 11-13 aprel tarixlərində Milanda G7 Dövrünün prezidenti İtaliyanın ev sahibliyi ilə keçirilib.

Fins.az xəbər verir ki, iclasdan sonra dərc edilən "Hərəkətliliyin gələcəyi: Qlobal qeyri-sabitliyin artması fonunda əlaqənin təmin edilməsi" adlı birgə bəyanatda G7 nazirlərinin əlçatan, dayanıqlı, davamlı, səmərəli, inklüziv və ədalətli nəqliyyat sistemlərinin vacibliyini təsdiqlədikləri bildirilib.

Açıqlamada G7 nəqliyyat nazirlərinin iclasının çoxsaylı böhranlar mühitində keçirildiyi, Rusiyanın Ukraynaya hücumu, Yəməndə husilərin Qırmızı dəniz və Ədən körfəzindən keçən ticarət gəmilərinə hücumları ilə bağlı narahatlıqları artırdığı qeyd edilib.

"Bu böhranların yaxınlaşması nəqliyyat sistemlərinin dayanıqlığını, zərbələrə qarşı müqavimətini və uyğunlaşma qabiliyyətini dəstəkləmək üzrə işimizin vacibliyini vurğulayır. Əlaqədarlıq müasir cəmiyyətlərimizin əsas ehtiyacıdır. Azad bazara əsaslanan demokratiyaların əsas prinsiplərindən biridir", bəyanatda deyilir.

 İtaliya mətbuatında çıxan xəbərlərə görə, "Yox olma üsyanı" adlı ekoloq qrupun 7 üzvü Milanın Duomo Meydanında G7 nəqliyyat nazirlərinin toplantısına kloun kostyumları və "G7: İqlim Sirki" pankartı ilə etiraz ediblər. Nümayişçilər iqlimlə bağlı fövqəladə vəziyyət elan olunmasını tələb ediblər.

Günel Məlikzadə
Fins.az