DÜNYA

18 Mart

Rusiyada prezident seçkilərinin nəticələri açıqlanıb

Ekzit-polun nəticələrinə görə, Vladimir Putin Rusiyada keçirilən prezident seçkilərində 87,8 faiz səs toplayaraq qalib gəlib.

Fins.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Rusiya Federasiyasında üç gün davam edən prezident seçkiləri ölkənin ən qərb bölgəsində yerləşən Kalininqrad vilayətində Moskva vaxtı ilə saat 21:00-da seçki məntəqələrinin bağlanması ilə başa çatıb.

Ölkə üzrə 80-dən çox bölgədə keçirilən seçkilər həm seçki qutusunda, həm də məsafədən elektron qaydada keçirilib.

Moskva da daxil olmaqla, ümumilikdə 29 regionda uzaqdan səsvermə keçirilib.

İştirak nisbətinin 74 faizdən çox olduğu seçkilərdə hazırkı prezident Vladimir Putin “exit-poll”un nəticələrinə görə 87,8 faiz səslə qalib gəlib.

“Fom” şirkətinin keçirdiyi “exit-poll”un nəticələrinə görə, Kommunist Partiyasından Nikolay Xaritonov 4,7 faiz, Yeni Xalq Partiyasından Vladislav Davankov 3,6 faiz, Liberal Demokrat Partiyasından Leonid Slutski isə 2,5 faiz səs toplayıb. Səslərin 1,4 faizi etibarsız sayılıb.

Günel Məlikzadə
Fins.az