DÜNYA

13 Mart

Fevral ayında ABŞ-da inflyasiya 3.2%-ə qədər artıb

ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumata əsasən, fevral ayında ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) ötən ilin eyni ayı ilə müqayisədə 3.1%-dən 3.2%-ə qədər artıb.

Fins.az xəbər verir ki, analitiklər orta hesabla inflyasiyanın illik ifadədə yanvar ayı ilə eyni səviyyədə qalacağını proqnozlaşdırırdılar.

ABŞ-da enerji qiymətləri yanvarda 4.6% azaldıqdan sonra, ötən ay illik müqayisədə 1.9% ucuzlaşıb. O cümlədən benzinin qiyməti 3.9% ucuzlaşıb.

Ərzaq məhsullarının dəyərinin artım tempi 2.6%-dən 2.2%-ə, yeni avtomobillərin 0.7%-dən 0.4%-ə, tibbi malların isə 3%-dən 2.9%-ə qədər zəifləyib. 

Fevral ayında CPI aylıq ifadədə 0.4% təşkil etdi. Yanvar ayında göstərici 0.3% səviyyəsində açıqlanmışdır.

İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPI) fevral ayında aylıq ifadədə 0.4%, illik ifadədə isə 3.8% artıb. Yanvar ayında artım müvafiq olaraq 0.4% və 3.9% təşkil etmişdir. Analitiklər İstehlak Qiymətlərinin Baza İndeksinin aylıq ifadədə 0.3%, illik ifadədə isə 3.7%  səviyyələrində dərc olunacaqlarını proqnozlaşdırırdılar.

Federal Ehtiyatlar Sistemi ölkədə istehlak qiymətlərinin artım tempi ilə bağlı məlumatları diqqətlə izləyir. İnflyasiyaya dair göstəricilər monetar siyasət ilə bağlı qərarların qəbul edilməsində əsas amillərdən biri hesab edilir. 

Əlavə olaraq qeyd etmək lazımdır ki, FED-in növbəti toplantısı martın 19-20-də baş tutacaq.