Avropa Statistika Agentliyinin (Eurostat) press-relizinə əsasən, yanvar ayında Avrozonada Pərakəndə Satış Dövriyyəsinin Həcmi dekabr ayı ilə müqayisədə 0.1% artıb.
Fins.az xəbər verir ki, dərc olunan göstərici analitiklərin proqnozu ilə üst-üstə düşüb.
Yanvar ayında Avrozonada Pərakəndə Satış Dövriyyəsinin Həcmi illik ifadədə 1% azalıb. Analitiklər 1.3%-lik azalma proqnozlaşdırmışdılar. Avropa İttifaqında yanvar ayında pərakəndə satışların həcmi aylıq ifadədə 0.3% artıb, illik ifadədə isə 0.6% azalıb.
Həmçinin dekabr ayı üzrə olan göstəricilər yenilənib: Avrozonada dekabr ayında 1.1% əvəzinə 0.6%-lik, Aİ-də 1% əvəzinə 0.7%-lik azalma qeydə alınıb.
Yanvar ayında ən böyük illik azalma Estoniyada (-6.7%), Finlandiyada (-2.9%) və Belçikada (-3.8%) müşahidə olunub. Satışların dövriyyəsinin ən çox artması Lüksemburqda (+7.2%), Rumıniyada (+6.7) və Danimarkada (+5.9) qeydə alınıb.
Yanvarda ərzaq və tütün məmulatlarının satışı illik ifadədə Avrozonada 0.6%, Aİ-də isə 0.2% azalıb. Eləcə də, qeyri-ərzaq məhsullarının pərakəndə satışı illik ifadədə Avrozonada 1.4%, Avropa İttifaqında isə 0.2% azalıb.