Avropa İttifaqına üzv 27 ölkənin səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər.
Fins.az xəbər verir ki, paket çərçivəsində sanksiya siyahısına daxil edilən təşkilatlar arasında ilk dəfə olaraq Çin şirkətləri də olub.
Guangzhou Ausay Technology, materik Çində qeydiyyatdan keçmiş Shenzhen Biguang Trading və Yilufa Electronics və Honq-Konq Xüsusi İnzibati Bölgəsində qeydiyyatdan keçmiş RG Solutions, müharibədə Rusiyaya hərbi dəstək verə biləcək ticarət əlaqələri səbəbiylə sanksiya siyahısına daxil edilib.
İddia olunur ki, şirkətlər rusiyalı alıcılara Avropada istehsal olunan ikili hərbi və mülki təyinatlı məhsulların əldə edilməsinə kömək edib və vasitəçilik ediblər.
Təfərrüatları hələ açıqlanmayan sanksiya paketinin fevralın 24-də, müharibənin başlamasının ikinci ildönümündə təsdiqlənməsi gözlənilir.
Aİ indiyədək Rusiyaya qarşı 12 sanksiya paketini həyata keçirib. Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli mallar daxil olmaqla geniş sahələri əhatə edir.
Günel Məlikzadə
Fins.az