DÜNYA

15 Fevral

"Biz taktikanı dəyişdik, müharibədə yeni sürprizlər olacaq"

Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Rusiya ilə müharibənin 3-cü ilinə girmək üzrə olduğu bir vaxtda meydanda baş verənlər, növbəti proseslə bağlı proqnozları barədə danışıb. 

Fins.az CNN-ə istinadən xəbər verir ki, Ukrayna müharibəsində son vəziyyəti dəyərləndirən Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Kiyevin taktikanı dəyişdiyini və müharibədə yeni sürprizlərin olacağını bəyan edib.

Bodnar dedi: “Təəssüf ki, müharibə dəhşətli bir şeydir. Biz bu müharibəni istəmirdik, amma Rusiya işğal etdi və biz özümüzü müdafiə edirik. Ona görə də bu gün vəziyyət çox ağırdır. Çünki Rusiya hücumlarını davam etdirməyə çalışır. Onlar öz qüvvələrini cəmləşdirib və yeni bölgələri ələ keçirmək üçün yerli hücumlar təşkil etməyə çalışırlar. Müdafiəmizi davam etdiririk. Biz bu məsələdə dözümlüyük, taktikamızı dəyişirik. Prezidentimiz komandanı dəyişdi. Baş qərargah rəisini dəyişdi. İnanıram ki, cəbhədə yeni sürprizlər olacaq".

Ukraynanın 1/4 hissəsinin işğal altında olduğunu vurğulayan səfir sözlərini belə davam etdirib;

“Əgər kimsə ruslarla danışıqlar aparmağı təklif edirsə, deməli, onlar Ukrayna torpaqlarını ruslara vermək istəyirlər. Ona görə də ukraynalılar üçün bu, qəbuledilməzdir. Bizim vəzifəmiz qüvvələrimizi birləşdirmək və rusları geri itələmək üçün mümkün qədər möhkəm dayanmaqdır. Digər tərəfdən, bu, təkcə Ukrayna üçün təhlükə deyil, həm Qara dənizin təhlükəsizliyi, həm də Avropanın təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb edir. Bizə maliyyə resursları, hərbi təchizat və digər yollarla köməklik göstərən bütün tərəfdaşlarımıza çox minnətdarıq. Çünki bu, de-fakto və ya qanuni olaraq onların da marağındadır. Digər tərəfdən Qəzza ilə bağlı beynəlxalq diqqət müəyyən qədər geri çəkilib və bəzən küçələrdə insanlar “Ukraynada müharibə bitibmi?” sualı verirlər.  Amma təəssüf ki, müharibə bitməyib və onun tezliklə bitəcəyini düşünmürəm. Çünki rusların Ukrayna dövlətini və Ukrayna millətini məhv etmək niyyəti var”.

Bodnar "Zelenskinin qeyd etdiyi yeni strategiya, yeni sürprizlər, taktiki dəyişikliklərin məzmunu nə olacaq?" sualına belə cavab verdi: “Bütün sirlər ictimaiyyətə görünənə qədər məxfi qalacaq”.

Günel Məlikzadə
Fins.az