Rusiya prezidenti Vladimir Putin “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlsona müsahibəsində bildirib ki, Ukraynada davam edən müharibədə Rusiyanı məğlub etmək “mümkün deyil”.
Fins.az xəbər verir ki, Moskvada Karlsona verdiyi müsahibədə Putin ABŞ, Aİ və NATO-ya səslənərək bildirib ki, onlar başa düşməlidirlər ki, Qərbin Ukrayna ilə müharibədə Rusiyanı məğlub etməsi “mümkün deyil”.
"İndiyədək döyüş meydanında Rusiyaya strateji məğlubiyyətin verilməsi ilə bağlı hay-küylər, qışqırıqlar eşidilirdi. Amma indi deyəsən, başa düşməyə başlayıblar ki, buna nail olmaq mümkünsə, çox çətindir. Məncə, mümkün deyil”, - Rusiya lideri bildirib.
Putin 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı müharibədə haqlı olduğunu tarixi əsaslarla uzun-uzadı izah edərkən, Vaşinqton administrasiyasına “Əgər həqiqətən müharibəni dayandırmaq istəyirsənsə, silah tədarükünü dayandırmalısan” -deyə səsləndi.
Ukraynada müharibənin ikinci ilinə təsadüf edən müsahibədə Putin Rusiya və Ukraynanın “gec-tez” razılığa gələcəyini bildirib və həmçinin danışıqlara gedən yolun açıq olduğuna işarə edib.
Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə Rusiya arasında İstanbulda aparılan sülh danışıqlarına dəfələrlə toxunan Putin, İstanbul danışıqlarında razılaşdırılan qərarların həyata keçirildiyi təqdirdə müharibənin artıq bitmiş ola biləcəyini, lakin Ukraynanın ümidsizliyə qapıldıqdan sonra geri addım atdığını iddia edib.
Günel Məlikzadə
Fins.az