DÜNYA

31 Yanvar

"Hindistan 2027-ci ilə qədər dünyanın 3-cü ən böyük iqtisadiyyatı olacaq"

Maliyyə Nazirliyi bildirib ki, Hindistan 2027-ci ilə qədər 5 trilyon dollarlıq ümumi daxili məhsulla dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilə bilər.

Fins.az xəbər verir ki, Hindistanın Maliyyə Nazirliyi bazar ertəsi verdiyi hesabatda bildirib ki, iqtisadiyyat 2024-cü maliyyə ilində 7 faiz və ya daha çox böyüməyə hazırdır.

Hindistanın maliyyə ili aprelin 1-də başlayır və martın 31-də başa çatır.

Bu ilki hədəf yerinə yetirilərsə, Hindistanın ÜDM-i ardıcıl üçüncü il üçün 7 faiz artacaq. Ölkənin ÜDM-i hazırda 3,7 trilyon dollar təşkil edir.

Hindistanın baş iqtisadi müşaviri Anantha Nageswaran hökumətin hədəfinin 2047-ci ilə qədər inkişaf etmiş ölkəyə çevrilmək olduğunu bildirib.

Nageswaran hesabatda Hindistanın böyüməsinin əsas amillərini izah edərkən, "Daxili tələbin, yəni özəl istehlakın və investisiyaların möhkəmliyi hökumətin son on ildə həyata keçirdiyi islahatlar və tədbirlərdən qaynaqlanır" dedi.

Həm fiziki, həm də rəqəmsal infrastruktura investisiyaların tədarük tərəfini və istehsalı artırmağa kömək etdiyini ifadə edən Nageswaran, "Nəticədə, 2025-ci maliyyə ilində real ÜDM artımı yəqin ki, 7 faizə yaxın olacaq" dedi.

Goldman Sachs-a görə, Hindistan 2075-ci ilə qədər təkcə Yaponiya və Almaniyanı deyil, həm də ABŞ-ı geridə qoyaraq dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilməyə hazırlaşır.

Hazırda Hindistan ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatıdır.

Günel Məlikzadə
Fins.az