DÜNYA

26 Yanvar

NASA Marsda helikopterin artıq uça bilməyəcəyini açıqlayıb!

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi və ya qısaca NASA Qırmızı Planetdə istifadə etdiyi İngenuity Mars helikopteri  ilə əlaqəni itirdi. Bir çox mühüm işlər görən bu kiçik helikopterlə bağlı NASA-dan yeni açıqlama gəldi. 

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki , Ingenuity helikopteri 2021-ci ilin fevralında Marsa buraxılıb. Uzunluğu 19 düym (49 sm) və çəkisi 4 kiloqram olan bu helikopter 19 aprel 2021-ci ildə Marsın səthindən havaya qalxan ilk güclü təyyarə olmaqla tarixi bir uğura imza atdı.

Əvvəlcə Ingenuity planlara uyğun olaraq yalnız 5 sınaq uçuşu edəcəkdi.  Amma o, 70-dən çox uçuş edib və ümumilikdə 2 saatdan çox havada qalıb. Beləliklə, Marsda idarə olunan uçuşun mümkün olduğu sübuta yetirildi. Lakin son hadisələrə görə, bu helikopterin istifadə müddəti artıq başa çatıb.

NASA yanvarın 18-də 72-ci uçuşu zamanı Ingenuity Mars helikopteri ilə əlaqəni itirdi. Son uçuş zamanı nəqliyyat vasitəsi 12 metr hündürlüyə qalxaraq 4,5 saniyə havada qalıb və eniş zamanı əlaqə kəsilib.

Vasitə ilə təmas qurmaqda çətinlik çəkən NASA bu yaxınlarda Ingenuity Mars helikopterinin rotor qanadının zədələndiyini və artıq uça bilməyəcəyini açıqlamışdı. Buna baxmayaraq , NASA hələ də rabitənin niyə kəsildiyini araşdırır.

Günel Məlikzadə
Fins.az