DÜNYA

23 Yanvar

ABŞ İsraillə normallaşmaya müsbət baxışını müdafiə edib

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Fins.az xəbər verir ki, Səudiyyə Ərəbistanının İsraillə münasibətlərini normallaşdırmasının hələ də mümkün olduğunu müdafiə edən Kirbi, "Oktyabrın 7-dən əvvəl çox çalışırdıq. Hələ də çox çalışmaqda davam edirik. Səudiyyə Ərəbistanı da daxil olmaqla, bölgədəki tərəfdaşlarımızdan müsbət rəylər aldıq" dedi.

Kirbi bəyan edib ki, ölkələr arasında münasibətlərin normallaşması iki dövlətli həllə nail olmaq üçün əlavə imkanlar yarada bilər.

İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 18-də Fələstin dövlətinin yaradılmasının əleyhinə olduğunu və bu barədə ABŞ administrasiyasını məlumatlandırdığını bildirib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan CNN telekanalına müsahibəsində ölkəsinin İsraili tanıya bilməyəcəyini və Fələstin dövlətinin qurulması üçün uyğun bir yol açılmadığı təqdirdə Qəzzanın yenidən qurulmasına kömək etməyəcəyini bildirib.

Günel Məlikzadə
Fins.az