DÜNYA

22 Yanvar

Misir büdcənin əsas gəlir mənbəyini itirir

Yəmənli husi üsyançılarının Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə hücumları Misiri dövlət büdcəsi üçün ən böyük gəlir mənbələrindən birini itirməklə təhdid edən Süveyş kanalı vasitəsilə gəmilərin hərəkətini kökündən azaldıb.

Fİns.az xəbər verir ki, 2022-2023-cü illərdə Ukraynadakı müharibə ilə əlaqədar daşımaların sürətlə artması ilə Süveyş kanalının tranzit ödənişləri 9 milyard dollara yaxınlaşıb ki, bu da Misirin ÜDM-nin təxminən 2%-ni təşkil edir. Bununla belə, Süveyş Kanalı İdarəsinin rəhbəri Usamə Rabinin sözlərinə görə, ilin əvvəlində kanaldan tranzit keçən ilki səviyyə ilə müqayisədə 30%, kanal haqlarından gələn valyuta gəlirləri isə 40% azalıb.

Fransanın İSEMAR dənizçilik institutunun hesablamalarına görə, Süveyş kanalından yan keçərək Afrika qitəsi ətrafında gəmilərin marşrutunun dəyişdirilməsi halında gəmi sahiblərinin əlavə yanacaq xərcləri artır. Ancaq kanaldan keçmək üçün əvvəllər ödənilən puldan qənaət o deməkdir ki, daha uzun marşrut "ümumilikdə təxminən eyni xərcdir".

Xatırladaq ki, gəmilərin Süveyş kanalından keçməsi üçün rüsumlar Misir hökuməti üçün həm də ölkənin hazırda təxminən 165 milyard dollar olan dövlət borcuna xidmət göstərən əsas mənbələrdən biridir.

Günel Məlikzadə
Fins.az