DÜNYA

07 Yanvar

Aİ Kosovo və Serbiyanın bir-birinin nömrələrini rəsmən tanımasını alqışlayır

Avropa İttifaqı (Aİ) Kosovo və Serbiyanın bir-birinin avtomobil nömrələrini rəsmən tanımasından məmnun olduğunu bildirib.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ofisi tərəfindən edilən açıqlamada Kosovo və Serbiyanın bir-birlərinin avtomobil nömrələrini rəsmi şəkildə tanıması və "stiker" rejimini tamamilə ləğv etmə qərarlarının müsbət qarşılandığı bildirilib.

Bəyanatda vurğulanıb ki, qərar iki ölkə arasında keçmişdə əldə edilmiş razılaşmaların həyata keçirilməsində müsbət addımdır: “Bu (qərar) Kosovo ilə Serbiya arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə etməyin mümkün olduğunu göstərir. Aİ-nin asanlaşdırdığı dialoq çərçivəsində işin davam etdirilməsinin vacibliyini vurğulayır”.

Açıqlamada, qərarın bölgə vətəndaşlarının xeyrinə Aİ və Qərbi Balkanların regional inteqrasiyası istiqamətində düzgün istiqamətdə qəbul edildiyi vurğulanıb.

Serbiya yanvarın 1-dən etibarən Kosovo Respublikası (RKS) nömrəli nəqliyyat vasitələrinin ölkədə sərbəst hərəkətinə icazə verib və Kosovo da yanvarın 4-də oxşar praktikanı tətbiq etmək qərarına gəlib.

2021-ci ildən Serbiya və Kosovo Respublikasının vətəndaşları digər ölkəyə keçərkən nəqliyyat vasitələrinin nömrələrindəki dövlət rəmzlərini “stiker”lə örtürlər.

Günel Məlikzadə
Fins.az