DÜNYA

06 Yanvar

İsrail bazasına 60-dan çox raket atılıb

Livandakı Hizbullah Hərəkatı HƏMAS-ın Siyasi Büro rəhbərinin müavini Salih əl-Arurinin öldürülməsinə cavab olaraq sərhəddəki İsrail ordusuna məxsus hərbi bazaya 60-dan çox raket atdığını açıqlayıb.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Livan ərazisindən İsrailə doğru çoxlu raketlər atılıb. İsrail ordusu cavab verib və hücumu həyata keçirən “qrupu” hədəf alıb deyə bildirilib.

İsrail ordusundan verilən açıqlamada Livandan Meron bölgəsinə 40-a yaxın raket atılması səbəbilə İsrailin şimalında sirenlərin çaldığı bildirilib.

Hücumdan sonra "raketləri atan qrup"un İsrail ordusunun hədəfində olduğu qeyd edilib.

İsrailin şimalında yeni hücumların həyata keçirildiyi və bölgədə sirenlərin çalındığı bildirilsə də, əlavə məlumat verilməyib.

Hizbullah da açıqlamasında Arurinin öldürülməsinə cavab olaraq sərhəddəki İsrail ordusuna aid hərbi bazaya 62 raketlə hücum etdiyini açıqlayıb.

Açıqlamada, "Ulu öndər Şeyx Saleh əl-Arurinin öldürülməsi cinayətinə ilk reaksiya olaraq, İslami müqavimət (Hizbullah) 62 müxtəlif tipli raketlə Meron hava nəzarət bazasını hədəf aldı."

Günel Məlikzadə
Fins.az