DÜNYA

28 Dekabr

İsrail-Həmas müharibəsində yeni cəbhə: "Biz yol ayrıcındayıq"

İsrail qüvvələrinin Qəzzaya amansız hücumları davam edərkən, Livan sərhədində gərginlik pik həddə çatıb. İsrail rəsmiləri ardıcıl açıqlamalarla müharibəni yeni cəbhəyə aparmağa hazır olduqlarını açıqladılar. Netanyahunun sözçüsü Eylon Levi, "Hazırda yol ayrıcındayıq. Ya Hizbullah İsrail sərhədindən geri çəkiləcək, ya da özümüz bunu edəcəyik" dedi. 

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail 83 gündür blokadada olan Qəzza zolağına hücumlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, oktyabrın 7-dən bu yana həyatını itirən fələstinlilərin sayı 21 min 110-a, yaralıların sayı isə 55 min 243-ə yüksəlib.

İsrail əsgərləri Qəzzaya havadan, qurudan və dənizdən hücumlarını davam etdirdikcə, İsrail və Livan arasında gərginlik getdikcə artır. Müharibə başladığı gündən Livan Hizbullahının müharibəyə qoşulması və yeni cəbhə açması İsrail üçün “kabus ssenarisi” kimi qəbul edilir. Deyəsən bu kabus indi İsrailin qapısındadır.

Hizbullah bu həftə İsrailə bir neçə hücum edib. Bu hücumlar arasında iki israilli xristianın yaralandığı yunan pravoslav kilsəsi də var idi.

Günel Məlikzadə
Fins.az