DÜNYA

01 Yanvar

ABŞ Çinə qarşı gömrük rüsumundan azad edilmə müddətini uzadır

ABŞ Ticarət Nümayəndəliyinin Ofisi (USTR) ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyəti dövründə gömrük rüsumlarından azad edilmiş, lakin azadolma müddəti dekabrın 31-də başa çatacaq bəzi məhsullar üçün yenidən güzəştlər tətbiq edib.

Fins.az xəbər verir ki, USTR tərəfindən edilən açıqlamada, Çindən idxal edilən 352 məhsul və Covid-19 ilə əlaqəli 77 məhsul kateqoriyası üçün gömrük rüsumundan azad edilməsinin 31 May 2024-cü ilə qədər uzadılmasına qərar verildiyi bildirilib.

Həmin tariflərdən azad edilən mallara elektrik mühərrikləri, bəzi avtomobil hissələri, kimyəvi maddələr və digər istehlak malları daxildir. Covid-19 epidemiyası ilə əlaqədar üz maskaları, əlcəklər və əl dezinfeksiyaediciləri kimi tibbi məhsullar da tariflərdən azad edilən məhsul kateqoriyaları sırasındadır.

Keçmiş prezident Donald Trampın ABŞ-da hakimiyyəti dövründə Pekin administrasiyasının rəqabətədavamlı sənaye təşviqi siyasətini əsas gətirərək 2018-ci ildə Çindən idxal edilən bəzi məhsullara əlavə gömrük rüsumlarının tətbiqi qərara alınıb.

Günel Məlikzadə
Fins.az