DÜNYA

27 Dekabr

Çin ABŞ-ın Milli Müdafiə Səlahiyyəti Aktına etiraz edib

Pekin administrasiyası ABŞ-da prezident Co Baydenin imzalaması ilə qüvvəyə minən 2024-cü il Milli Müdafiə Səlahiyyəti Aktına "Çinlə bağlı mənfi məzmunlu" olduğuna görə etiraz etdiyini bildirib.

Fins.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Sözçüsü Mao Ning Pekində keçirilən gündəlik mətbuat konfransında qanunun "Çinin daxili işlərinə açıq şəkildə müdaxilə etdiyini" və "ABŞ-ın Tayvana hərbi dəstəyini məhdudlaşdırdığını" söylədi.

ABŞ Administrasiyasını prezident Co Baydenin "Tayvanın müstəqilliyini dəstəkləməmək" vədini yerinə yetirməyə çağıran Mao qanunu pislədiklərini və diplomatik kanallarla etiraz etdiklərini bildirib.

Qanunun Çini bir “təhdid” olaraq göstərdiyini, Çin şirkətlərini təzyiq altında saxladığını, iki ölkə arasında normal iqtisadi, ticarət və humanitar əlaqələri məhdudlaşdırdığını vurğulayan Mao, “ABŞ soyuq müharibə mentalitetindən və ideoloji qərəzlərindən əl çəkməlidir.  Çin-ABŞ  ticarət və digər sahələrdə əməkdaşlıq üçün əlverişli mühit yaratmalıdır" dedi.

ABŞ-ın noyabrda San-Fransiskoda iki ölkə liderləri arasında keçirilən görüşün müsbət nəticələri üzərində işləməsi və qanunun mənfi məzmununu tətbiq etməməsi lazım olduğunu ifadə edən Mao, “ABŞ öz mövqeyində israr edərsə, Çin öz suverenliyini, təhlükəsizliyini, inkişaf hüquqlarını və maraqlarını qorumaq üçün güclü və qətiyyətli tədbirlər görəcək” dedi.

ABŞ hökuməti 2024 maliyyə ili üçün müdafiə xərclərini əsaslandıran qanun Hind-Sakit Okean regionunda "Çinin həddindən artıq dəniz suverenliyi iddiaları ilə bağlı təhdidlər"lə bağlı müddəaları, habelə Tayvanın öz müdafiəsini gücləndirməsini dəstəkləmək üçün hərbi yardım göstərilməsini nəzərdə tutan tənzimləməni ehtiva edir. 

Günel Məlikzadə
Fins.az