Yunanıstanın baş naziri Miçotakis ilə görüşündən sonra açıqlama verən prezident Ərdoğan, "Ticarət həcmimizi 10 milyard dollara çatdırmaq üçün razılaşdıq" dedi.
Fins.az xəbər verir ki, Prezident Ərdoğan Yunanıstanın baş naziri Miçotakisin dəvəti ilə Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün 6 ildən sonra Yunanıstandadır.
Prezident Ərdoğan və Yunanıstanın Baş naziri Miçotakis görüşdən sonra açıqlama verib.
Yenidən Afinada olmaqdan böyük məmnuniyyət duyduğunu ifadə edən Ərdoğan, "Hazırkı müsbət tempi daha da inkişaf etdirmək istəyirik. Təsis bəyannaməsində qeyd olunduğu kimi, bu görüşün ildə ən azı bir dəfə keçirilməsinin hər iki ölkə üçün faydalı olacağını düşünürəm. 2021-ci ildə yaradılmış Birgə Fəaliyyət Planında qeyd edildiyi kimi, planların öz nəticəsini verməsi sevindirici haldır. Biz turizm və mədəni əlaqələri inkişaf etdirəcəyik. Ticarət həcmimizi 10 milyard dollara çatdırmaq barədə razılığa gəldik".
Ərdoğan, "Egey və Şərqi Aralıq dənizindəki rəftarlarımızla bağlı da fikir mübadiləsi apardıq və xarici işlər nazirlərimizdən qətiyyətlə çalışmalarını istədik. Terrorla mübarizəni də müzakirə etdik. Xüsusilə Lavrion düşərgəsinin bağlanmasını alqışladıq" dedi.
Günel Məlikzadə
Fins.az