Dünya

09 Oktyabr

Almaniya vətəndaşlığın verilməsi prosesini çətinləşdirdi

Almaniya Parlamenti ölkədə 3 il yaşayan miqrantlara vətəndaşlıq müraciəti etmək imkanı verən “sürətləndirilmiş vətəndaşlıq” hüququnu ləğv edib. Yeni qanuna əsasən, bundan sonra Almaniyada vətəndaşlıq almaq üçün minimum 5 il fasiləsiz yaşayış şərti tələb olunacaq.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsi Federal Məclisdə qəbul edilib və bununla da minlərlə miqrantın erkən vətəndaşlıq ümidləri puça çıxıb.

 

Almaniyanın Daxili İşlər naziri Aleksandr Dobrindt məsələ ilə bağlı açıqlamasında bildirib ki, dəyişiklik qanunsuz miqrasiyanın qarşısını almağa yönəlib:


“Alman pasportu uğurlu inteqrasiyanın mükafatı olmalıdır,  bu, qanunsuz miqrasiyaya təşviq vasitəsi deyil”.


Müxalifətdə olan Sol Partiya və Yaşıllar Partiyası qərarı sərt şəkildə tənqid edib. Onlar bu addımı “inteqrasiya siyasətində geri dönüş” kimi dəyərləndiriblər və hökuməti miqrantların cəmiyyətə uyğunlaşmasını çətinləşdirməkdə ittiham ediblər.


Qanun Xristian Birlik Partiyası (CDU/CSU) və Sosial Demokrat Partiya (SPD)-nin dəstəyi ilə qəbul olunub. Yeni qaydalar Almaniyada vətəndaşlıq almaq istəyənlər üçün proseduru xeyli çətinləşdirəcək və prosesi ən azı iki il uzadacaq.

 

Bəsti Rəfizadə
Sfera.az