Çin Prezidenti Si Cinpin ölkəsində səfərdə olan Rusiya Parlamentinin aşağı palatası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşündə “daimi dostluğa əsaslanan mehriban qonşuluq münasibətlərini” və “hərtərəfli münasibətləri” dərinləşdirmək istədiklərini bildirib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Si Rusiya prezidenti Vladimir Putinin oktyabrda Pekinə səfəri zamanı ikitərəfli münasibətlərlə bağlı ifadə etdiyi öhdəlikləri bir daha təkrarlayıb.
“Çin iki ölkə arasında daimi dostluğa əsaslanan mehriban qonşuluq münasibətlərinin və hərtərəfli strateji əməkdaşlığın dərinləşdirilməsi üçün Rusiya ilə işləməyə hazırdır”, - deyə Si bildirib.
Çin və Rusiyanın "geniş ümumi maraqları bölüşdüyünü" vurğulayan Si, xüsusi komitə işi və iki ölkənin qanunverici orqanları arasında təcrübə mübadiləsinin əlaqələrin hüquqi əsasının inkişafında mühüm rol oynadığını vurğuladı.
Si Çinin “Bir Kəmər və Yol” təşəbbüsü ilə Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqı arasında “sinergiyanın yaradılması” üçün hüquqi təminatlara ehtiyac olduğuna diqqət çəkib.
Günel Məlikzadə
Fins.az