Təmiz enerjiyə keçid tempi davam edərsə, 2024-cü ilə qədər qlobal istixana qazı emissiyalarının azalmağa başlaya biləcəyi proqnozlaşdırılır.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Qlobal iqlim elmi və siyasət institutu Climate Analytics tərəfindən aparılan təhlilə əsasən, külək və günəş enerjisindəki son artımın enerji tələbatının artmasının qarşısını ala və qalıq yanacaqları sistemdən kənarlaşdıra biləcəyi təxmin edilir.
Təmiz enerji texnologiyalarında, xüsusilə külək və günəş enerjisində davam edən sürətli tərəqqi ilə kömür və qazdan emissiyaların müvafiq olaraq bu il və 2024-cü ildə pik səviyyəsinə çatacağı, elektrik nəqliyyat vasitələrinin artımı davam etdiyi üçün neftdən gələn emissiyaların isə 2025-ci ildə zirvəyə çatacağı gözlənilir.
Beləliklə, bu il qlobal istixana qazı emissiyalarının pik həddə çatma ehtimalı 70 faiz olaraq hesablansa da, pik həddinə çatdıqdan sonra emissiyaların 2024-cü ilə qədər azala biləcəyi proqnozlaşdırılır.
Çində təmiz enerji transformasiyasının sürəti bu il emissiyaların pik həddə çatmasını təmin edəcək ən böyük amillərdən biri kimi görülsə də, ölkədə günəş və külək enerjisi gücünün 2025-ci ilə qədər 1500 gigavata çatacağı təxmin edilir. Əgər reallaşarsa, Çin 2030-cu il üçün 1200 giqavatlıq külək və günəş enerjisi gücü hədəfinə beş il tez çatacaq və nəticədə ölkənin uzunmüddətli emissiyaları azalacaq.
Birləşmiş Millətlər Təşkilatının iqlim elmləri orqanı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelə (IPCC) görə, qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün istixana qazları emissiyaları ən geci 2025-ci ilə qədər pik həddə çatmalıdır.
Climate Analytics-in təhlili göstərir ki, qlobal istixana qazı emissiyaları IPCC-nin elan etdiyi tarixdən əvvəl pik həddinə çatsa belə, temperatur artımını məhdudlaşdırmaq üçün 2030-cu ilə qədər emissiyaların kəskin azalmasına ehtiyac var.
Temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılması dünyanın bərpa olunan enerji potensialının üç dəfə artırılmasını və enerji səmərəliliyində irəliləyişin iki dəfə artırılmasını və 2030-cu ilə qədər qalıq yanacaq istifadəsinin 40 faiz azaldılmasını tələb edir.
Günel Məlikzadə
Fins.az