Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqında (Aİ) vahid ordunun yaradılması məsələsi yenidən gündəmə gəlib. Bəzi ekspertlərin fikrincə, bu, zəruri olsa da, bəziləri bunun yaxın perspektivdə reallaşacağını inandırıcı görmür.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə görə, Avropa dövlətləri uzun illərdir bu ideyanı müzakirə etsələr də, hələlik praktik addım atmaqda tərəddüd edirlər.
Ekspertin fikrincə, vahid Avropa ordusu ideyasının əsas təşəbbüskarlarından biri Fransa olub. Prezident Emmanuel Makron dəfələrlə Aİ ölkələrinə belə bir ordu yaratmağı təklif edib. Lakin Aİ daxilində bu məsələyə münasibət birmənalı deyil:
“Avropa Birliyi ölkələri vahid ordu məsələsində ehtiyatlı davranırlar. Hətta bəzi dövlətlər bu ideyaya qətiyyən maraq göstərmirlər. Çünki hesab edirlər ki, belə bir ordu NATO-ya alternativ xarakter daşıya bilər. Amma açıq şəkildə görünür ki, Avropa ordusu heç vaxt NATO-nun hərbi potensialı ilə müqayisə edilə bilməz. Fransa və Almaniya istisna olmaqla, digər Avropa dövlətlərinin hərbi gücü kifayət qədər zəifdir”.
Xalidbəyli qeyd edib ki, Avropa ölkələri uzun illərdir NATO-nun təhlükəsizlik “çətiri” altında özlərini rahat hiss etməyə öyrəşiblər:
“Bu gün Avropa ordusunun yaradılmasına qarşı çıxanların əsas arqumenti budur ki, NATO daha etibarlı və daha cəlbedici təhlükəsizlik təminatıdır. Digər tərəfdən, Avropa dövlətlərinin əksəriyyəti hərbi xərcləri artırmaq istəmir. Silahlanma və ordu məsələlərinə kifayət qədər vəsait ayırmaq istəyi yoxdur”.
Ekspertin qənaətincə, mövcud vəziyyətdə Avropa ordusunun yaradılması ehtimalı olduqca aşağıdır:
“Hazırkı geosiyasi şərtlərdə belə bir ideyanın tam şəkildə həyata keçməsi inandırıcı görünmür. Avropa dövlətləri bir çox hallarda NATO-nun imkanlarından istifadə etməyə üstünlük verirlər. Bu baxımdan, yaxın gələcəkdə vahid Avropa ordusunun yaradılacağını gözləmək real deyil”.
Bəsti Rəfizadə
Sfera.az