DÜNYA

16 Oktyabr

ABŞ Çinə qarşı çip məhdudiyyətlərini artıracaq

Birləşmiş Ştatlar Çinə hərbi üstünlük verə biləcək qabaqcıl texnologiyaların əldə edilməsinin qarşısını almaq üçün onun qabaqcıl yarımkeçiricilərə və çip istehsalı avadanlıqlarına çıxışını məhdudlaşdırmaq üçün keçən il tətbiq etdiyi tədbirləri sərtləşdirməyi planlaşdırır.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, yeni məhdudiyyətlər əvvəllər elan edilmiş qaydalardakı boşluqları düzəltmək və doldurmaq məqsədi daşıyır. Mənbələrin bildirdiyinə görə, Bayden administrasiyası Çin şirkətlərinə qrafik çiplərin və süni intellekt tətbiqləri üçün qabaqcıl çip istehsalı avadanlıqlarının satışına nəzarəti gücləndirməyə çalışır.

Birləşmiş Ştatlar, həmçinin daşınmalarını başqa ölkələr vasitəsilə həyata keçirərək ixrac məhdudiyyətlərindən yayınmağa çalışan Çin şirkətlərinə əlavə nəzarət tətbiq edəcək. Çin çip dizayn firmaları da xarici istehsalçıların bu şirkətlərin sifarişlərini yerinə yetirmək üçün ABŞ lisenziyası almasını tələb edən ticarət məhdudiyyətləri siyahısına əlavə olunacaq.

Bayden administrasiyası keçən il Çinə qarşı çip məhdudiyyətlərini elan edərək, bunların milli təhlükəsizlik üçün zəruri olduğunu bildirib. Çin də məhdudiyyətlərdən sonra öz yerli istehsalını inkişaf etdirmək üçün investisiyaları sürətləndirib.

Günel Məlikzadə
Fins.az