DÜNYA

07 Sentyabr

BMT: Dünyanın 99 faizi havanın çirklənməsindən təsirlənir

7 sentyabr Mavi Səma üçün Beynəlxalq Təmiz Hava Günüdür. Bu təqvim gününün builki mövzusu "Təmiz hava uğrunda birlikdə”dir və havanın çirklənməsinə qalib gəlmək üçün möhkəm tərəfdaşlıqların yaradılması, investisiyaların artırılmasının zəruriliyi və ümumi məsuliyyətə diqqət çəkməyi nəzərdə tutur.

Fins.az xəbər verir ki, bu tarix ilk dəfə 2020-ci ildə qeyd olunub. Heç kimə sirr deyil ki, ətraf mühitin çirklənməsi problemi dövrümüzün qlobal problemlərindən birinə çevrilib. İnsan fəaliyyəti və tərəqqisi, təəssüf ki, ekoloji tarazlığın pozulması ilə ifadə olunan mənfi təsirlərlə nəticələnib. Antropogen fəaliyyət təbii ehtiyatların tükənməsi ilə yanaşı, ətraf mühitin müxtəlif komponentlərinin: suyun, havanın, torpağın çirklənməsi ilə müşayiət olunur.

BMT Baş Assambleyasının 19 dekabr 2019-cu il tarixli Qətnaməsi ilə qeyd olunan Mavi Səma üçün Beynəlxalq Təmiz Hava Günü bütün dünya ölkələrinin diqqətini havanın çirklənməsi probleminə cəlb etmək üçün nəzərdə tutulub. Tibb alimləri təsdiq edirlər ki, insult, xroniki respirator xəstəliklər, ağciyər xərçəngi və hətta ürək-damar xəstəliklərindən insan ölümlərinin üçdəbirinə qədəri atmosferin çirklənmiş vəziyyəti ilə bağlıdır.

Antropogen fəaliyyət zamanı atmosferə atılan hissəciklər və qazlar nəinki iqlim sferasında qlobal dəyişikliklərlə nəticələnir, həm də insan sağlamlığına birbaşa mənfi təsir göstərir. BMT-nin məlumatına görə, dünyanın 99 faizi havanın çirklənməsindən təsirlənir. Bu da ildə 6,5 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur.

BMT-nin əsas məqsədi bütün dünya dövlətlərinin diqqətini bu problemə cəlb etmək, planetin havasının keyfiyyətini yaxşılaşdırmaq üçün müəssisələrdən və nəqliyyatdan atmosferə atılan zərərli emissiyaların azaldılması nail olmaqdır. Yer atmosferinin keyfiyyətinin yaxşılaşdırılması uğrunda mübarizədə yalnız kompleks yanaşma və bütün ölkələrin hökumətlərinin birgə səyləri səmərəli nəticələr verə bilər.

Ölkəmizin ekoloji siyasəti insanların təmiz ətraf mühitdə yaşaması hüququnun təmin edilməsi ilə bağlıdır. Əsası bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan həmin ekoloji siyasət bu gün də uğurla davam etdirilir. Həmin siyasətə ətraf mühit komponentlərinin çirklənməsinin qarşısının alınması, təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsi, ətraf mühitlə bağlı məsələlərin beynəlxalq normalara uyğun və ən yaxşı təcrübələri nəzərə almaqla idarə edilməsinin təmin olunması daxildir. Bu zaman da əsas diqqət prosesə ictimaiyyətin cəlb olunması və beynəlxalq təşkilatlarla regional əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilir.

Atmosfer havasının çirklənməsinin qarşısının alınması üçün Azərbaycanda beynəlxalq təcrübə əsas götürülür, təmiz yanacaqdan istifadənin artması üçün stimullaşdırıcı işlər görülür. Atmosferə mənfi təsir edən köhnə avtomobillərin istifadəsinin mərhələlərlə məhdudlaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Buna elektromobillərin, hibrid avtomobillərin idxal və satışının əlavə dəyər vergisindən azad olunmasını nümunə göstərmək olar. Elektromobillərin doldurulması üçün istifadə olan şarj məntəqələrində də həmin tədbirlər tətbiq olunur. Eyni zamanda, köhnə avtomobillərin idxalının mərhələlərlə məhdudlaşdırılması üçün müəyyən rüsumlar və əmsalların tətbiqi, son dövrlərdə hazırlanan və ümid edirik ki, bu yaxınlarda qəbul ediləcək köhnə avtonəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı proqramının işə düşməsi atmosfer havasına məhz nəqliyyat sektorundan atılan tullantıların azaldılmasına və havanın keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verəcək.