İraqın baş naziri Məhəmməd Şia əs-Sudaninin nəqliyyat üzrə müşaviri Nasir əl-Əsədi, Türkiyə ilə İraq arasında İnkişaf Yolu Layihəsi ilə bağlı müqavilələrin tezliklə imzalanacağını bildirib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Nasir əl-Əsədi İraqda nəşr olunan dövlətə məxsus "Əs-Sabah" qəzetinə bəzi açıqlamalar verib.
"Bu razılaşmalar körfəzi Türkiyə sərhədinə qədər daşıyacaq avtomobil və dəmir yolu layihələrini əhatə edəcək”- deyə, Nasir əl-Əsədi ifadələrindən istifadə edərək qeyd edib ki, sözügedən yol və dəmir yolları Yaxın Şərq və Avropa arasında yüklərin daşınması üçün əsas yol olacaq.
İraqın baş naziri Sudani mayın sonunda Asiyanı Avropa ilə birləşdirəcək İnkişaf Yolu Layihəsini açıqlayıb. Fars körfəzindəki Böyük Fav Limanından başlayaraq İraqın şimalına qədər davam edəcək və Türkiyəyə çatacaq layihənin 1200 kilometr dəmir yolu və yol infrastrukturunu əhatə etməsi planlaşdırılır. Bu layihənin Bəsrə, Bağdad və Mosulu əhatə edən marşrutu izləyərək Türkiyədəki dəmir yolu şəbəkəsinə qoşulması hədəflənir.
Zəminə Hüseyn
Fins.az