Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri ikitərəfli ticarət və investisiyaların artırılması üzrə işləri sürətləndirir.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat öz rəsmi sosial media hesabında bildirib.
Məlumata əsasən, Ö.Bolatla BƏƏ-nin Xarici Ticarət üzrə Dövlət Naziri Dr. Tani bin Əhməd Əl Zeyudi arasında G20 Ticarət və İnvestisiya Nazirləri Sammitinin 2-ci günündə görüş keçirilib.
"Gələn həftə qüvvəyə minəcək Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi ilə iqtisadi əlaqələrimizdə başlayacaq yeni dövr üçün planlarımızı müzakirə etdik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Əbu-Dabiyə səfəri zamanı razılaşdırılan investisiya sahələri və həyata keçirilən layihələrlə bağlı fikir mübadiləsi apardıq. İş adamlarımızın iştirakı ilə Ortaq İqtisadi və Ticarət Komissiyası (JETCO) toplantısının ilk iclasını Türkiyədə keçirməyi qərara aldıq", - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 19 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib. BƏƏ-də 50,7 milyard dollar dəyərində 13 müqavilə imzalanıb.