DÜNYA

17 Avqust

İngiltərədə iyul ayında illik inflyasiya yavaşladı

Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına əsasən, ölkədə illik inflyasiya proqnozları iyun ayı ilə müqayisədə iyul ayında 7.9%-dən 6.8%-ə enib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, aylıq müqayisədə isə iyulda ölkədə istehlak qiymətləri 0.4% ucuzlaşıb.

İllik ifadədə inflyasiya səviyyəsi analitiklərin proqnozları ilə üst-üstə düşüb. Aylıq ifadədə isə 0.5% azalma ehtimal olunurdu.

Eyni zamanda, CPIH indeksi (mənzil sahiblərinin mənzilin saxlanması üçün xərcləri nəzərə alınmaqla inflyasiya) bir ay əvvəlki 7.3% səviyyəsindən 6.4% səviyyəsinə qədər dəyişib. 

İllik inflyasiyanın azalmasına ən böyük töhfə qaz və elektrik enerjisinin qiymətlərinin aşağı düşməsi ilə bağlı olub. Ərzaq və alkoqolsuz içkilərin qiymətləri isə iyunda 17.3%-dən 14.8%-ə enib.

Bununla yanaşı, illik baza inflyasiyası (enerji, ərzaq, alkoqol və tütün məmulatlarının qiymətləri istisna olmaqla) əvvəlki ayın 6.9%-lıq səviyyəsində qalıb.