DÜNYA

11 Avqust

Dünyada hər il təxminən 570 milyon ton qida məhsulları atılır

Dünya əhalisi artdıqca qida məhsullarına tələbat da artacaq. Artan əhalini yedirtmək üçün son 50 ildə kənd təsərrüfatı məhsulları istehsalı təxminən 300 faiz artıb. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Dünyada ərzaq təhlükəsizliyi və qidalanmada vəziyyət – 2023" adlı hesabatında dərc olunan son məlumatlara görə, dünyada orta hesabla 735 milyon insan aclıqdan və doyunca yeməməzlikdən əziyyət çəkir, böyük miqdarda yeməli qida itkiyə və ya tullantıya çevrilir.

Fins.az FAO-nun Avropa və Mərkəzi Asiyadakı regional nümayəndəliyinə istinadla xəbər verir ki, istehsal-marketinq zəncirinin bütün mərhələlərində – istehsaldan emal, daşınma, saxlama, paylama və nəticədə istehlaka qədər qida məhsulları itkilərə və tullantılara çevrilir.

BMT-nin Ətraf Mühit Proqramının məlumatına görə, məişət vərdişləri səbəbindən dünyada hər il təxminən 570 milyon ton qida məhsulları atılır. Hər birimiz hər il orta hesabla təxminən 74 kiloqram qida atır.

FAO qida tullantılarının qarşısını almaq üçün tətbiqi asan olan məsləhətlər və tövsiyələrdən ibarət praktik təlimat hazırlayıb. Təlimat alış-verişdən qida istehlakına qədər yolda hər kəsə dəstək göstərir.

"Bu cür qida tullantılarının yaranmasına gətirən səbəblər, o cümlədən fərdi və sosial amillər çoxdur. Buna görə qida tullantılarının həcminin azaldılması üçün müxtəlif səviyyələrdə tədbirlər, həmçinin qida sənayesi müəssisələrinin və siyasətçilərin birgə və koordinasiyalı hərəkətləri lazımdır”, - deyə FAO-nun kənd təsərrüfatı sənayesi üzrə mütəxəssisi Robert van Otterdiyk bildirib. "Lakin, infrastruktur, siyasət və normativ-hüquqi bazasının təkmilləşdirilməsi işinin əhəmiyyətinə baxmayaraq, bu tədbirlər yalnız istehlakçıların öz səviyyələrində qarşılıqlı fəaliyyət göstərdiyi və davranış qaydalarını dəyişdirməyə hazır olduqları təqdirdə işləyəcək”.

FAO hesab edir ki, hər kəs kiçik bir səy göstərsə, birlikdə qida tullantılarının azaldılmasına böyük təsir edə bilərik.