DÜNYA

09 Avqust

Taxıl Dəhlizi Sazişi mövzusunda Rusiya ilə ortaq məxrəcə gələcəyik - Ərdoğan

Qara dəniz Taxıl Dəhlizinin fəaliyyətinin yenidən bərpa edilməsi üçün Rusiya prezidenti Vladimir Putinlə ortaq məxrəcə gələcəyik.

Fins.az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14-cü Səfirlər Konfransında çıxışı zamanı deyib.

Ərdoğan onu da bildirib ki, Türkiyə taxıl böhranını həll etmək üçün səylərini davam etdirir.

Qeyd edək ki, avqust ayı ərzində Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri baş tutacaq.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 17-də bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Fuad Mədətov
Fins.az