DÜNYA

21 İyul

Dünyanın ilk maye hidrogen daşıyan gəmisi Ciddə limanına yanaşıb

Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman Ciddə İslam Limanında dünyanın ilk mayeləşdirilmiş hidrogen gəmisi ilə tanış olub. O, Yaponiya mütəxəssislərinin hazırladığı nəhəng gəminin fəaliyyətini izləyib.

Fins.az “Saudi Press” agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın Ciddədəki baş konsulu İzuru Şimura Səudiyyə rəsmilərinə gəmi istehsalçısı “Kawasaki Heavy Industries” (KHI) tərəfindən istismara verilən “Suiso Frontier” gəmisinin inşasında istifadə olunan innovativ texnologiyalar haqqında məlumat verib.

Səudiyyə Ərəbistanı təmiz hidrogen istehsalı və ixracı sektorunda qlobal lider olmaq planlarının bir hissəsi olaraq hidrogen enerjisinə diqqəti artırıb. Gəmi limana Yaponiyanın baş naziri Fumio Kişidanın bu yaxınlarda Səudiyyə Ərəbistanına rəsmi səfəri münasibətilə yanaşıb və onun əsas missiyası yapon texnologiyasını təqdim etmək olub. Bu gəmidəki tankerlər vasitəsilə böyük miqdarda hidrogeni aşağı qiymətə daşımaq və onun paylanmasını həyata keçirmək mümkün olacaq. Səudiyyə Ərəbistanı və Yaponiya hesab edirlər ki, bu, genişmiqyaslı, tam kommersiya əsasında qlobal təchizat zəncirləri yaratmaq səyləri çərçivəsində ilk addımdır.

Gəmi böyük miqdarda mayeləşdirilmiş hidrogenin dəniz yolu ilə daşınması üçün Yaponiya hökumətinin dəstəyi ilə tikilib və inkişaf etdirilib. Onun uzunluğu 116 metr, eni 19 metrdir və hidrogeni saxlamaq və onu -253 dərəcə Selsi temperaturunda saxlamaq üçün tutumu 1250 kubmetr olan ikiqat çənə malikdir.

Gəminin Ciddə limanına yanaşması Səudiyyə Ərəbistanının yaşıl hidrogen iqtisadiyyatını stimullaşdırmaq və enerji sektorunda qlobal liderliyini artırmaq üçün göstərdiyi səyləri dəstəkləmək planı çərçivəsində həyata keçirilib. Ər-Riyad, həmçinin öz limanlarının bu tip gəmiləri qəbul etməyə yüksək hazırlığını nümayiş etdirib.

Mütəxəssislər bildiriblər ki, hidrogen ən təmiz enerji mənbəyidir və o, avtomobilləri idarə etmək üçün yanacaq qismində təbii qaz kimi də istifadə edilə bilər. Hidrogeni fərqləndirən əsas cəhət odur ki, bu enerji mənbəyi qalıq yanacaqlardan fərqli olaraq, enerji istehsal etmək üçün yandırıldıqda karbon qazı emissiya etmir.