DÜNYA

04 May

İngiltərədə ərzaq qiymətləri rekord həddə çatıb

İngiltərədə ərzaq qiymətlərinin artması rekord həddə çatıb.

Fins.az-ın məlumatına görə, "NielsenIQ" məlumat paylaşıb.

Belə ki, aprel ayında ərzaq və alkoqolsuz içkilərin orta qiymətləri illik müqayisədə 15,7 faiz artıb. Eyni zamanda, tez xarab olan məhsullar 17,8 faiz, konservlər və digər ərzaq məhsulları isə 12,9 faiz bahalaşıb. Qida seqmentində ölkədə son 45 ilin ən güclü inflyasiyası qeydə alınıb. İstehlak qiymətləri indeksi (İQİ, inflyasiyanın əsas göstəricisi) BRC-NielsenIQ aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıb.

Britaniya Pərakəndə Konsorsiumunun baş icraçı direktoru Helen Dickinson qeyd edir ki, geyim, ayaqqabı və mebelə böyük mövsümi endirimlər səbəbindən başlıq inflyasiyası mart ayında 8,9 faizdən bir qədər azalıb. Eyni zamanda, bütün təchizat zəncirində artan xərclər fonunda ərzaq qiymətləri yüksəlir. 

Məsələn, istehsal və qablaşdırma xərclərinin artması səbəbindən hazırlanmış yeməklərin qiymətləri artıb.

Bundan əvvəl Avropanın ən böyük iqtisadiyyatına malik olan Almaniyada inflyasiyanın 2023-cü ilin martında 7,8 faizədək azaldığı bildirilirdi. Buna daha çox təbii qazın qiymətinin düşməsi səbəb olub.

Xəyal Abdullayev
Fins.az