Yeni Zelandiyada İstehlak Qiymətləri İndeksi (CPI) dördüncü rübdə son 32 ilin ən yüksək səviyyəsində qərarlaşıb. İnflyasiya faizi mərkəzi bankın ehtimallarından aşağı olsa da, bu, iqtisadiyyata təzyiqin davam etdiyinə siqnal kimi qəbul edilə bilər.
Çərşənbə günü Yeni Zelandiya Statistik Qurumu tərəfindən açıqlanan məlumatlara görə, dekabr ayına qədər olan üç ay ərzində (4-cü rübdə) "CPI" illik müqayisədə 7.2% artıb. Əvvəlki rüblə müqayisədə dəyişməyən göstərici, 7.1% proqnozlarını bir qədər üstələyib. İndeks 1990-cı ilin iyunundan bəri ən yüksək səviyyədədir.
Rüblük inflyasiya 1,4% artaraq proqnozları bir qədər üstələsə də, 3-cü rübdəki 2,2%-lik göstəricidən aşağı olub.
Bununla belə, illik inflyasiya səviyyəsi Yeni Zelandiya Ehtiyatlar Bankının (RBNZ) proqnozlaşdırdığı 7,5%-lik sıçrayışın altında qalıb. Bu, 2021-ci ilin oktyabr ayından bu yana rekord minimum hesab edilən 0,25%-lik uçot dərəcələrini, ümumilikdə 400 baza bəndi artıran Mərkəzi Bankın qarşıdakı aylarda aqressiv faiz artımı tempini azalda biləcəyini göstərir.
Bank noyabr ayında da faiz dərəcələrini 75 baza bəndi artırmışdı.
Xatırladaq ki, "RBNZ" pandemiya dövründəki stimullaşdırıcı tədbirlər səbəbindən inflyasiyanın kəskin yüksəlməsi fonunda monetar siyasəti sərtləşdirməyə başlayan ilk mərkəzi banklardan biri olub.