DÜNYA

29 Dekabr

Kimliyi bilinməyən hacker 400 milyon Twitter istifadəçisinin məlumatlarını satmaq istəyir

Breach adlı hacker forumunda Ryushi ləqəbli istifadəçinin paylaşmış olduğu bəyanatda o, Twitter-in sahibi Elon Musk-a eksklüziv razılaşma təklif edib.

Hakcer bildirib ki, o, 400 milyon Twitter istifadəçisinin məlumatlarına sahibdir. Məlumata əsasən həmin məlumatlar 2021-ci ildə sosial şəbəkə daxilində aşkar edilmiş sistem boşluğu vasitəsilə əldə edilib. Lakin sistem boşluğu daha sonra aradan qaldırılıb.

Hacker sözügedən məlumatları pul qarşılığında təqdim edəcəyini qeyd edib. Əks halda məlumatlar internetə sızdırılacaq və nəticədə Twitter Avropanın nizamlayıcı orqanları tərəfindən külli miqdarda vəsait cəriməsi əldə edəcək. Avropa Birliyində məlumatların qorunması üzrə ümumi reqlamentə (GDPR) əsasən istifadəçi məlumatlarının sızdırılması halında Twitter-i milyonlarla dollar cərimə gözləyir.

“Sizin 276 milyon dollar dəyərində cərimədən yan keçmək üçün sahib olduğunuz ən yaxşı çıxış yolu məlumatları eksklüziv şəkildə almaqdır” - deyə hacker qeyd edib. Əlavə olaraq hacker xüsusi link yerləşdirib və həmin linkdə digər dələduzların bu cür məlumatları necə istifadə edə biləcəkləri barəsində məlumatlar əks olunub. Hackerin paylaşımında həmçinin 37 nəfərin məlumatlarını əks etdirən nümunə də təqdim edilib. Həmin nümunədə məşhur ulduzların, məmurların, jurnalistlərin, bisnesmenlərin məlumatları yer alıb. Məlumata əsasən hacker tərəfindən əldə edilmiş məlumatlar bazasında çoxlu sayda adi istifadəçilərin adları, elektron poçt ünvanları, abunəçilərinin sayı, istifadəçi hesablarının yaradılması tarixləri və telefon nömrələri var.