Dünyanın ən varlı adamlarının sərvəti 2022-ci ildə 1,9 trilyon dollar azalıb.
Bu barədə “Forbes” jurnalının hesabatında deyilir.
Bildirilir ki, onların ümumi kapitalı təxminən 12 ayda 13,8 trilyon dollardan 11,9 trilyon dollara qədər azalıb.
“2022-ci ildə dünya üzrə milyarderlər 1,9 trilyon dollar itiriblər. Dekabrın 9-na olan məlumata görə, onların ümumi sərvəti 13,8 trilyon dollardan 11,9 trilyon dollara düşüb. Milyarderlərin sayı da 2671 nəfərdən 2523 nəfərədək azalıb”, - deyə məlumatda qeyd olunur.
Texnologiya milyarderləri isə birlikdə 2022-ci ildə 1 trilyon dollardan çox vəsait itirib. “Amazon”un qurucusu Ceff Bezos şirkətinin səhmlərinin dəyərinin təxminən 50% azalması səbəbindən 80 milyard dollardan çox itirib. “Google”un əsas şirkəti “Alphabet” transmilli korporasiyasının həmtəsisçiləri Larri Peyc və Sergey Brin 40 milyard dollardan çox vəsait itkisi ilə üzləşiblər.
Dekabrın 21-də “Bloomberg” xəbər verib ki, amerikalı iş adamı, “Tesla”, “SpaceX” və Tvitter şirkətlərinin rəhbəri İlon Maskın itkiləri 2022-ci ildə 122,6 milyard dollara çatıb. Bu isə milyarderin 2021-ci ildə qazandığı məbləğdən çoxdur.