DÜNYA

20 Dekabr

Samsung Galaxy S23 smartfonlarının dizaynları sərgilənib

Slashleaks saytında Samsung Galaxy S23 smartfonlarının maketlərinin yüksək keyfiyyətli fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda Samsung-un növbəti flaqman smartfonlarının dizayn özəlliklərini görmək olar. İlk öncə onu qeyd etmək lazımdır ki, sözügedən fotolar Galaxy S23 modelləri barəsində daha öncə ortaya çıxmış məlumatlarla üst-üstə düşürlər. Beləliklə əvvəlcədən də gözlənildiyi kimi Galaxy S23 seriyasına 3 smartfon modeli daxil olacaq: Galaxy S23, S23+ və S23 Ultra.

Fotolardan da görmək olar ki, Galaxy S23 Ultra xarici görünüşcə Galaxy S22 Ultra-dan fərqlənməyəcək. Yeni smartfon da Galaxy S22 Ultra kimi düzbucaq dizaynına sahib olacaq və onun ekranının kənarları bir qədər əyilmiş tərzdə reallaşdırılacaq. Ənənə üzrə Galaxy S22 Ultra özündə S Pen stilusunu birləşdirəcək. Galaxy S23 və S23+ modellərinə gəldikdə isə onlar da xarici görünüşcə demək olar aktual olan Galaxy S22 və S22+ modellərinə bənzəyəcəklər.

    Lakin bununla belə yeni modellərdə bir fərqləndirici özəllik olacaq. Belə ki, Galaxy S23 ilə S23+ modellərinin arxa panellərində kameralar xüsusi sahənin daxilində yerləşməyəcəklər. Bu baxımdan sözügedən smartfon modellərinin arxa kameralarının yerləşmə tərzi Galaxy S23 Ultra-nı xatırladacaq. Son məlumat sızıntılarına əsasən Galaxy S23 Ultra modeli Samsung-un 200 MP-lik yeni kamera sensorunu əldə edəcək. Bununla yanaşı bütün Galaxy S23 modelləri Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaqlar. Galaxy S23 smartfon seriyasının gələn ilin fevral ayında təqdim ediləcəyi gözlənilir.