DÜNYA

14 Noyabr

Çindəki elektron ticarət şirkətləri "Subaylar Günü" satışlarını açıqlamayıb

Çinin konsaltinq şirkəti Syntun-un məlumatına görə, onlayn bazarlar və canlı yayım platformaları Subaylar Günü alış-veriş festivalı zamanı 1,1 trilyon yuan (156,9 milyard dollar) satış ediblər.

"Fins.az" xəbər verir ki, Subaylar Günü Çində hər il noyabrın 11-də qeyd olunur. Alış-veriş festivalı isə  1-11 noyabr tarixlərində davam edir.

Subaylar Günü 1990-cı illərin sonunda tələbələri əsasən kişilərdən ibarət olan və hələ həyat yoldaşları olmayan Nankin şəhərindəki universitetlərdə qeyd olunmağa başlayıb. Subaylar həmin gün özlərinə təsəlli vermək üçün alış-veriş ediblər. Sonradan Çinin ticarət mərkəzləri və onlayn pərakəndə satış şirkətləri bu gündə kütləvi satışlar təşkil edərək, bunu ənənəyə çeviriblər.  

Bu il ən çox məişət texnikası, mobil telefonlar və rəqəmsal avadanlıqlar, geyim, fərdi qulluq məhsulları və kosmetika, kişi və qadın ayaqqabı və çantaları, qida və içkilər, mebel və tikinti materialları, körpələr üçün oyuncaqlar və analar üçün məhsullar alınıb.

Çində ölkənin aparıcı e-ticarət şirkətləri (Alibaba, JD.com və s. ) onlayn alış-veriş festivalı üzrə satış rəqəmlərini məxfi saxlamağa qərar veriblər.

Alibaba-nın yaydığı məlumata görə, satışlar "makroiqtisadi çətinliklərə və Covid-19-un təsirlərinə baxmayaraq, keçən ilin ümumi həcminə yaxın  məbləğdə olub. Şirkət keçən ilki satışlarınının 10 gün ərzində 540,3 milyard yuan (o günkü məzənnə ilə təxminən 84,5 milyard dollar) təşkil etdiyini açıqlamışdı.