Apple Interbrand saytının ən bahalı brendlər reytinqində artıq ardıcıl 10-cu dəfə ilk pillədə qərarlaşıb. Interbrand saytı Apple brendinin qiymətini 482.2 milyard dollar dəyərində qiymətləndirib. Bu isə keçən ilki qiymətləndirmədən 18% daha yüksəkdir. Dünyanın ən bahalı brendləri reytinqinin ikinci yerini Microsoft (278.3 milyard dollar), üçüncü yerini isə Amazon (274.8 milyard dollar) tutub. Keçən il Amazon ikinci yeri, Microsoft isə üçüncü yeri tutmuşdu.
İnterbrand reytinqini tərtib edənlər qeyd ediblər ki, sözügedən reytinqin mövcud olduğu bütün müddət ərzində bu il brendlərin qiymətlərində yüksək şəkildə artım var. Belə ki, il ərzində ən bahalı brendlərin qiymətləri 16% yüksəlib və onların ümumi dəyəri 3.1 trilyon dollara çatıb. Bu ilki Interbrand reytinqinin ilk onluğuna həmçinin Google (251.75 milyard dollar), Samsung (87.7 milyard dollar), Toyota (59.76 milyard dollar), Coca-Cola (57.5 milyard dollar), Mercedes-Benz (56.1 milyard dollar), Disney (50.3 milyard dollar) və Nike (50.29 milyard dollar) daxil olublar.