İran prezident İbrahim Rəisi Co Baydenə cavab verib.
Rəisi Baydenə İranın 43 il əvvəl azad olduğunu xatırladıb.
“ABŞ prezidenti Co Bayden İranı azad etməyə hazırlaşır, lakin İran artıq 43 il əvvəl azad olunub”, - İran prezidenti əlavə edib.
O qeyd edib ki, İran ABŞ-ın əsiri olmayacaq, ölkəsi ABŞ əsarətində qalmamağa qəti qərar verib və heç zaman ABŞ üçün “sağmal inək” olmayacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı "Biz İranı tezliklə azad edəcəyik" deyib.
O qeyd edib ki, İranda hökumət əleyhinə olan nümayişçilər tezliklə azadlıq əldə edəcəklər.
“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər”, - Bayden vurğulayıb.
Bayden “İranın azad edilməsi” üçün ABŞ hökumətinin konkret olaraq hansı addımlar atacağını açıqlamayıb. Ağ Ev Prezidentin bəyanatına hələ ki münasibət bildirməyib.
Xatırladaq ki, İranda 22 yaşlı Məhsə Əmininin Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsi səbəbi ilə hökumət əleyhinə başlayan etirazlar artıq 7 həftədir davam edir.
APA