Rusiyalı iş adamlarının toplam sərvəti 2022-ci ilin əvvəlindən 93,616 mlrd. ABŞ dolları azalıb.
Fins.az xəbər verir ki, bu barədə “Bloomberg Milyarderlər İndeksi”(BBİ) tərəfindən hazırlanan reytinq hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, ən zəngin iş adamı “Nornikel”in sahibi Vladimir Potanin ilin əvvəlindən 2,17 mlrd. dollar zərər edib və varidatı 28,7 mlrd.-a enib.
İkinci ən zəngin “Novatek”in sahibi Leonid Mixelson 7,12 mlrd. dollar itki ilə 25,3 mlrd. dollara sahibdir. İlk üçlükdə son sıranı “Severstal”ın sahibi Aleksey Mordaşev tutur. Onun sərvəti ilin əvvəlindən 9,12 mlrd. dollar azalaraq 19,1 mlrd. dollar təşkil edib.
Qeyd edək ki, sentyabr ayının ortalarında ABŞ inflyasiya göstəricisi barədə məlumatın açıqlanmasından sonra amerikalı biznesmenlər bir gündə 93 mlrd. dollar itirmişdilər. Bu da ABŞ tarixində 9-cu ən böyük itkiylə üzləşilən gün hesab edilib. Həmin gün 9,8 mlrd. dollarlıq ən böyük itkiylə “Amazon”un sahibi Ceff Bezos üzləşib. Onun varidatı 150 mlrd. dollara enib.