Xiaomi şirkəti ilk növbədə gənclər üçün nəzərdə tutulmuş Civi 2 smartfonunu təqdim edib. Sözügedən smartfon birinci Civi modelindən fərqli olaraq tamamilə yeni dizayn və ön kameranın ekranda yerləşdirilməsi üçün nəzərdə tutulmuş qeyri-adi çıxıntı hissə əldə edib. Xiaomi Civi 2-ni selfie fotolar üçün nəzərdə tutulmuş ən yaxşı smartfon kimi qələmə verir. Lakin smartfonun digər maraqlı texniki özəllikləri də var. Beləliklə Civi 2 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.55 düym AMOLED ekran ilə təchiz olunub.
Ekranın yuxarı mərkəz hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşib. Həmin çıxıntı hissə xarici görünüşcə iPhone 14 Pro modellərinin ekranlarında reallaşdırılmış Dynamic Island adlı çıxıntı hissəyə bənzəyir. Bununla yanaşı Civi 2-nin ekranı Dolby Vision texnologiyasını dəstəkləyir və əlavə olaraq Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bundan əlavə olaraq smartfon özündə kontaktsız ödənişlər üçün NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir.
Əsas texniki özəlliklərə gəldikdə isə Civi 2 modeli Snapdragon 7 Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş, 50 MP + 20 MP (115 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 32 MP (avtofokus) + 32 MP (100 dərəcə bucaq əhatəsi) ikili ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon Çin bazarında artıq satışa çıxıb. Onun qlobal bazarda hansı ad ilə satışa çıxacağı bilinmir. Xiaomi Civi 2-nin Çin bazarında satış qiymətləri aşağıdakı kimidir:
- 8 GB RAM + 128 GB yaddaş - 334$
- 8 GB RAM + 256 GB yaddaş - 350$
- 12 GB RAM + 256 GB yaddaş - 390$.