Avqustda İtaliyada enerji inflyasiyası (qaz və elektrik enerjisinə olan qiymətlər üzrə artım – red.) 76,4% təşkil edib.
Bu barədə İtaliyanın Kiçik və Orta Sahibkarlar Assosiasiyasının hesablamalarında bildirilir.
Məlumata görə, müqayisə üçün qeyd olunan göstərici avrozonada orta hesabla 51,9%, Avropa İttifaqının 27-i ölkəsində isə 48,8% olub.
Bununla yanaşı, qeyd olunur ki, ötən ay Fransada qaz və elektrik enerjisinin qiymətləri 23,8%, Almaniyada 46%, İspaniyada isə 54,3% artıb.
Assosiasiya xatırladır ki, iyulda İtaliyada enerji inflyasiyası 59,1% təşkil edib.
Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Azərbaycandan Avropaya Trans-Adriatik kəməri vasitəsilə qazın ixracına başlanılıb. Bu istiqamət üzrə nəql edilən Azərbaycan qazının böyük hissəsi İtaliyaya tədarük olunur.