DÜNYA

21 Sentyabr

Səfərbərlik fonunda Moskvadan Bakı, İstanbul və İrəvana bütün aviabiletlər satıldı

Moskvadan Bakıya, İstanbula, İrəvana və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrə ən yaxın vaxta birbaşa reyslərin aviabiletləri tükənib.

 “Aviasales” xidmətinə istinadən verilən məlumata görə, Moskvadan “Aeroflot” şirkəti ilə Bakıya birbaşa uçuşa bileti sentyabrın 23-dən tez almaq mümkün deyil. Sonrakı günə olan biletin qiyməti isə 74,5 min rubldur. Azərbaycan Hava Yollarının (21 sentyabr Moskva vaxtı ilə saat 12.00-a olan məlumata görə) 22 sentyabr üçün 719 avroya biletləri var. Aviaşirkətin saytındakı məlumata görə, sentyabrın 24-dən sonraya 394 avroya bilet almaq olar.

Moskvadan İstanbula birbaşa uçuş üçün bileti də hazırda 23 sentyabrdan tez əldə etmək mümkün deyil, sentyabrın 24-nə olan biletin (“Aeroflot” reysi) qiyməti isə 76 min rubl təşkil edir. Bu bilet artıq aviaşirkətin saytında yoxdur, ən yaxın mövcud birbaşa uçuş sentyabrın 25-dir ki, bu reys üçün biletin da qiyməti 58,6 min rubl təşkil edir. Türk Hava Yollarının saytında sentyabrın 25-dən sonra birbaşa reys üçün bileti 81 min rubldan baha qiymətə tapmaq mümkündür.

Oxşar vəziyyət Moskvadan İrəvana birbaşa uçuşlarda da müşahidə olunur. Sentyabrın 23-də “Aeroflot” saytında yalnız biznes sinif biletləri tapmaq mümkündür. Onların da qiyməti 122 min rubldan başlayır. Sentyabrın 24-dən sonra isə 62 min rubla İrəvana "ekonom" sinifdə uçmaq mümkündür.

© APA