Ukraynada davam edən müharibəyə və aktiv siniflərini və şəxsi sərvətlərini aşındıran faiz dərəcələrinin artmasına baxmayaraq, qlobal miqyasda milyonçuların sayının artacağı gözlənilir. "Fins.az" xəbər verir ki,milyonerlərin sayının ən çox Çində artacağı bildirilir.
Məlumata görə, 2022-ci ildə dünyada gəlir bərabərsizliyi artacağı halda, yaxın 5 ildə milyonçuların sayının 40 faiz artacağı gözlənilir.
Credit Suisse Group-un Qlobal Sərvət Hesabatına görə, sərvətləri 1 milyon dollardan çox olan milyonçuların sayı 2026-cı ilə qədər 87,5 milyonu keçəcək. 2021-ci ildə bu rəqəm 62,5 milyon olub. Hesabatda xüsusilə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında milyonçuların sayının artacağı, Çində isə milyonerlərin sayının iki dəfə artacağı proqnozlaşdırılırdı.
Dünyanın ən zəngin 500 adamının sərvəti ilin ilk yarısında 1,4 trilyon dollar azaldığı halda, Credit Suisse xüsusilə inkişaf etməkdə olan bazarlarda sürətli canlanma gözləyir. Pandemiya səbəbindən Çin iqtisadiyyatının yavaşlamasına baxmayaraq, bank ölkədə varlı insanların sayının artacağını gözləyir.