DÜNYA

14 Sentyabr

Twitter səhmdarlarından şirkəti Elon Maska satmaqla bağlı qərar

Eyni adlı sosial şəbəkənin sahibi olan Twitter-in səhmdarları şirkəti aprel razılaşmalarının şərtlərinə əsasən 44 milyard dollara amerikalı sahibkar İlon Maska satmaq istəklərini təsdiqləyiblər.

"Fins.az" xəbər verir ki, bu barədə Business Insider xəbər portalı məlumat yayıb.

Bu addım səhmdarların əvvəllər Twitter-i almaqdan imtina etmiş İlon Maskla şirkətin məhkəmə çəkişmələrini davam etdirmək iradəsini təsdiqləyən formal prosedurdur.

Portalın məlumatına görə, şirkətin satışı ilə bağlı növbədənkənar iclas altı dəqiqəyə yaxın davam edib. Qərar ilkin səsvermənin nəticələrinə əsasən təsdiq edilib, yekun məlumatlar daha sonra Twitter tərəfindən açıqlanacaq.

Məhkəmə iclasları oktyabr ayına təyin edilib. Məhkəmədə sosial şəbəkə rəhbərliyinin ona saxta hesabların nisbəti ilə bağlı lazımi məlumat vermədiyi üçün Maskın Twitter ilə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ olub-olmadığı müəyyən edilməlidir.