Almaniyada Rusiyadan idxal olunan qazdan asılılığı azaltmaq və enerjiyə qənaət etmək məqsədilə ictimai binaların, heykəllərin, abidələrin və lövhələrin işıqları söndürülüb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Almaniyada federal hökumətin enerjiyə qənaətlə bağlı verdiyi qərar çərçivəsində işıqlandırma saat 22:00-06:00 arasında söndürülür. Bundan əlavə, xəstəxanalardan başqa ictimai binalar 19 dərəcədən yuxarı qızdırılmayacaq.
Qeyd edilir ki, insanların sıx olduğu yerlər, yarmarkalar və böyük zallar ümumiyyətlə qızdırılmaya bilər. Bir neçə gün öncə isə bələdiyyə binaları, inzibati binalar, kitabxanalar və muzeylər kimi ictimai yerlərdə istilik 20 dərəcə müəyyən edilmişdi. Bundan əlavə, mağazalarda istilik itkisinin qarşısını almaq üçün qapılar bağlı saxlanılacaq, icarə müqavilələrində minimum istilik tələbi 6 ay müddətinə dayandırılacaq, enerjiyə qənaət üsulları əhaliyə izah ediləcək. Hökumət 6 ay qüvvədə olacaq bu tədbirlərlə qazdan istifadəni 2 faiz azaltmağı hədəfləyib.
Köln şəhər mərkəzində yerli vaxtla saat 22:00-dan sonra ictimai binaların lövhələri və işıqlandırılması ilə yanaşı, binalara estetik məqsədlə proyeksiya edilən işıqlar və vitrinlərin işıqları söndürülüb, yalnız küçə lampaları yanılı qalıb. Köln bələdiyyəsinin verdiyi qərarla tarixi Köln kilsəsinin işıqlandırılması avqustun 9-dan etibarən dayandırılıb.