DÜNYA

24 Avqust

Yaponiyada atom elektrik stansiyalarında yeddi reaktorun fəaliyyətinin bərpası planlaşdırılır

aponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi 2023-cü ilin yayından ölkə ərazisindəki atom elektrik stansiyalarında (AES) yeddi reaktorun fəaliyyətinin bərpasını planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə avqustun 24-də “Yomiuri shimbun” qəzeti məlumat yayıb.

Bildirilir ki, həmin vaxt Yaponiyanın qərbində 3, mərkəzi hissəsində 2, şimal və şimal-şərqdə isə hərəsində bir reaktor fəaliyyətini bərpa edəcək. Beləliklə ölkə üzrə fəaliyyət göstərən ümumi reaktorların sayı 17-yə çatdırılacaq.

Bununla yanaşı, bu günədək fəaliyyətini bərpa etmiş 10 reaktordan yalnız 5-nin elektrik enerjisi hasil etdiyi qeyd edilir. Digər beş reaktor əlavə yoxlamalarla əlaqədar müvəqqəti olaraq dayandırılıb. Bu isə, hökumətin qarşıdakı qış fəslində ölkənin enerji təhlükəsizliyi ilə bağlı narahatlığını artırır.

Xatırladaq ki, 2011-ci ilin martında “Fikisima-1” AES-də qəzadan sonra Yaponiya hökuməti atom obyektlərinə nəzarəti gücləndirib. AES-lərin operatoru olan şirkətlərdən terror aktlarına və təbii fəlakətlərə qarşı infrastrukturu gücləndirməklə yanaşı, istismar müddəti 40 ili ötən reaktorların işini dayandırmaq tələb edilib. Hazırda onların bərpasına yalnız ciddi yoxlamalardan sonra icazə verilə bilər.
 

© azertac