DÜNYA

18 Avqust

Qitələrarası fiber optik internet şəbəkələri ABŞ-Çin rəqabətində yeni cəbhə açır

ABŞ Çinin “Pakistan-Şərqi Afrika-Avropa Bağlantısı” (PEACE) layihəsinə qarşı “Cənub-Şərqi Asiya-Yaxın Şərq-Qərbi Avropa 6” (SEA-ME-WE 6) layihəsi ilə Asiya və Avropanı birləşdirən internet şəbəkələrinə nəzarət edəcək 19 min 200 kilometrlik sualtı kabel şəbəkəsinin yaradılmasına start verib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Dünyanın iki ən böyük iqtisadiyyata malik ölkəsi olan ABŞ və Çin arasında geostrateji və texnoloji rəqabət qitələrarası fiber optik internet şəbəkələrinin yaradılması üzrə rəqabətli təklif və layihələrdə öz əksini tapır. ABŞ dövlət katibi Entoni Blinken keçən həftə Afrika ölkələrinə səfəri zamanı prezident Co Baydenin G7 Sammitində elan etdiyi “Qlobal İnfrastruktur Tərəfdaşlığı Təşəbbüsü” (PGII) çərçivəsində Asiya və Avropanı birləşdirən sualtı fiber optik internet kabel infrastrukturunun maliyyələşdirildiyinə başlanıldığını bildirib.

ABŞ-ın SubCom telekommunikasiya şirkəti tərəfindən həyata keçirilən 600 milyon dollarlıq SEA-ME-WE 6 layihəsinin Sinqapurdan başlayaraq Cənub-Şərqi Asiyada Hind okeanı, Ərəbistan dənizi, Qırmızı dəniz və Aralıq dənizini keçərək qərbə doğru Fransaya çatması planlaşdırılır. Layihədə Sinqapur, Malayziya, Banqladeş, ŞriLanka, Hindistan,  Pakistan, Maldiv adaları, Cibuti, Səudiyyə Ərəbistanı, Misir və Fransanın internet infrastrukturu ilə təmin edilməsi planlaşdırılır. Saniyədə 12,6 terabayt məlumat ötürmə qabiliyyətinə malik 10 fiber kabel cütündən ibarət olacaq şəbəkə marşrut üzrə digər ölkələrə xətlərin  qoşulması variantını təklif edir. Şəbəkənin 2025-ci ilin birinci rübündə tamamlanması və istifadəyə verilməsi nəzərdə tutulur.