Rusiyanın “Qazprom” energetika şirkətinin Direktorlar Şurasının sədr müavini Vitali Markelov bildirib ki, sanksiyalar və “Şimal axını”nın bəzi avadanlıqlarına vaxtında texniki qulluq göstərilməməsi səbəbindən xətdə qaz axını azalıb.
"Fins.az" xəbər verir ki, Rusiyanın dövlət kanalı “Rossiya-24”ə açıqlamasında Markelov “Şimal axını”nda texniki xidmət üçün göndərilən təbii qaz turbin mühərrikinin may ayında Siemens tərəfindən geri qaytarılmalı olduğuna diqqəti cəlb edib.
Sözügedən mühərrikin hələ də təhvil verilmədiyini qeyd edən Markelov, “Bu mühərrikin Rusiyaya çatdırılması və digər mühərriklərin baxım üçün göndərilməsi ilə bağlı sanksiyaların riskləri ilə bağlı hələ də suallar var. Siemens bu problemləri həll etmək üçün lazımi işləri görmür,"-deyə bildirib.
“Şimal axını”nda lazımi təzyiqi təmin etmək üçün kompressor stansiyasında 6 təbii qaz kompressor qurğusundan istifadə edildiyini bildirən Markelov “Boru kəmərinin planlaşdırılan gücündən istifadə etmək üçün beş turbin işlək, biri isə ehtiyatda olmalıdır. İndi stansiyada yalnız bir mühərrik işləyir, qalanlarında texniki nasazlıqlar var və ya təmirə buraxılmalıdır,"- deyə mövcud vəziyyəti dəyərləndirib.
Qazprom, Siemens turbininin Kanadada təmirdən sonra Rusiyaya geri qaytarılmaması səbəbi ilə iyunun 15-də Şimal axını ilə təbii qaz nəqlini 60 faiz azaldıb.
“Qazprom”un dünən verdiyi açıqlamada “Şimal axını”nda başqa bir turbinin dayandırılmasına qərar verildiyi və iyulun 27-dən etibarən Portovaya kompressor stansiyası vasitəsilə gündəlik maksimum 33 milyon kubmetr təbii qazın nəql oluna biləcəyi açıqlanıb.
Müəllif:Aynur Qəniyeva