Google şirkəti Avropa İqtisadi Zonasında öz Play Market platformasının çalışma siyasətində dəyişikliklərin edildiyini elan edib. Belə ki, mobil oyunlarla məşğul olmayan tərtibatçılar bundan sonra öz istifadəçilərinə müəyyən xidmətlərin, abunəliklərin və ya proqram təminatının alış prosesindəki ödənişi reallaşdırmaq üçün kənar ödəniş servislərindən istifadə imkanını təqdim edə biləcəklər. Bununla belə kənar ödəniş sistemlərindən istifadə halında da Google şirkəti öz üzərinə düşən komissiyanı əldə edəcək. Lakin həmin komissiya miqdarı da aşağı salınıb.
Bu barədə məlumat Google şirkətinin rəsmi saytında qeyd edilib. Hal hazırda tərtibatçıların 99%-i Google şirkətinə məxsus olan ödəniş servisinin istifadəsi səbəbilə 15%-lik komissiya ödəyirlər. Lakin bundan sonra Google Play platforması üzərindən Avropa İqtisadi Zonasına daxil olan istifadəçilər üçün kənar ödəniş sistemlərindən istifadə halında tərtibatçıların ödəyəcəkləri komissiya miqdarı 12%-ə endiriləcək. Google onu da qeyd edib ki, tərtibatçıların kənar ödəniş servislərinə keçid edəcəkləri halda onlar istifadəçilərin təhlükəsizliklərinin təmin olunması üçün nəzərdə tutulmuş bəzi tələblərə riayət etməli olacaqlar.
Mobil oyunların Avropa İqtisadi Zonasında yayılmasında isə Google Play-in fərdi ödəniş sistemindən istifadə etmək lazım gələcək. Beləliklə Google şirkətinin yeni siyasət dəyişikliyi yalnız proqram təminatının hazırlanması ilə məşğul olan tərtibatçıları əhatə edirlər. Mobil oyunların hazırlanması ilə məşğul olanlar isə əvvəlki qaydada çalışmalı olacaqlar. Google bildirib ki, təkcə Avropa Birliyi regionunda Android platforması 1.1 milyon iş yerini dəstəkləyir. 2021-ci ildə isə mobil tətbiq tərtibatçılarının ümumi gəlirləri 7.9 milyard avro təşkil edib.