DÜNYA

25 İyul

5 milyondan çox Twitter istifadəçisinin konfidensial məlumatı hacker forumunda satışa çıxarılıb

Breached Forums adlı məşhur hacker forumunda 5.4 milyon Twitter istifadəçisinin elektron poçt ünvanları ilə telefon nömrələrini özündə birləşdirən məlumat bazasının 30 000$ qiymətinə satılması təklifi ortaya çıxıb. 

Restore Privacy adlı şirkət bildirib ki, sözügedən məlumat sızıntısı Twitter-in təhlükəsizlik sistemində olmuş boşluq hesabına mümkün olub. Məlumatda qeyd edilib ki, sosial şəbəkənin təhlükəsizlik sistemindəki boşluq hələ yanvar ayında aşkar edilmişdi. Həmin vaxtda HackerOne şirkəti Twtter istifadəçilərinin elektron poçt ünvanları ilə telefon nömrələrini əldə etməyə imkan verən sistem boşluğu barəsində məlumat vermişdi. Məlumatda qeyd edilmişdi ki, hətta istifadəçinin konfidensiallıq ayarları vasitəsilə elektron poçt ünvanı və telefon nömrəsini öz hesabında gizlətməsi halında da hackerlər həmin məlumatları sistem boşluğu vasitəsilə əldə edə bilərlər.

 Twitter öz təhlükəsizlik sistemində boşluğun olduğunu təsdiqləyib onu aradan qaldırmış olsa da, görünür, hackerlər onun vasitəsilə müəyyən sayda istifadəçinin konfidensial məlumatlarını oğurlaya biliblər. İndi isə hackerlər Breached Forums adlı hacker forumunda həmin məlumatlar bazasını satmaqla pul qazanmağa çalışırlar. Sözügedən məlumatlar bazasını satışa çıxartmış hackerlər bildiriblər ki, oğurlanmış bu bazanın daxilində bəzi məşhur şəxslər və şirkətlər barəsində məlumatlar da var. Restore Privacy şirkətinin mütəxəssisləri bildiriblər ki, onlar sözügedən məlumatlar bazasının yoxlanılması və analizi üçün onun bir hissəsini yükləyiblər. “Bizim incələdiyimiz bütün nümunələr real insanların məlumatları ilə üst-üstə düşürlər” - deyə Restore Privacy şirkətinin mütəxəssisləri qeyd ediblər.