DÜNYA

22 İyul

Ukrayna “Taxıl sazişi”ni imzalamaq üçün şərtlərini açıqlayıb

Ukrayna İstanbulda hansı şərtlərlə Rusiya ilə taxıl ixracına dair razılaşma imzalayacağını açıqlayıb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko Ukrayna taxıl ixracının bərpası ilə bağlı Türkiyədə aparılan danışıqları şərh edərkən bildirib.

O deyib ki, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ukraynanın taxıl ixracının bərpasına dair danışıqların iyulun 22-də Türkiyədə keçirilməsi planlaşdırılır.

Mətbuat katibi danışıqların yekununda Qara dənizdə ixrac marşrutlarının təhlükəsiz istismarı ilə bağlı tərəflərin öhdəliklərini əks etdirən sənədin imzalanana biləcəyini əlavə edib.

"Ukrayna nümayəndə heyəti yalnız Ukraynanın cənub vilayətlərinin təhlükəsizliyinə, Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki möhkəm mövqelərinə və Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına təhlükəsiz ixracına zəmanət verəcək qərarları dəstəkləyəcək", -Oleq Nikolenko vurğulayıb.